Gömrükçülər narkotik və psixotrop maddə aşkarlayıblar
Bakı, 24 noyabr, AZƏRTAC
Gömrükçülər narkotik və psixotrop maddə aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İrandan ölkəmizə gələn, həmin ölkə vətəndaşının idarə etdiyi “Foton” markalı yük avtomobili gömrük nəzarətindən keçən zaman saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Bu zaman sürücü üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olmadığını bildirib. Yoxlama zamanı avtomobilin mühərrikində yerləşən radiator ilə onun arxa hissəsindəki plastik qoruyucunun arasındakı boşluqda folqaya bükülmüş bir ədəd bağlamada gömrük nəzarətindən gizlədilən 30 həb “Tamol 225 mg”, 4 həb “Tramadol 200” adlı dərman preparatları və ümumi çəkisi 9 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.
Xatırladaq ki, 34 ədəd həbdə “Tramadol”un təsiredici maddəsinin ümumi miqdarı 7,55 qram təşkil edir və “Tramadol” Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.