GORANBOY RAYONUNDA MƏDƏNİYYƏT KOMPLEKSİNİN AÇILIŞI OLMUŞDUR
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Goranboy rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Milli Məclisin deputatı Gültəkin Hacıyeva, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Kompleksə Heydər Əliyev və Ana dili abidəsi, Nizami Gəncəvinin “Xəmsə” ədəbi kompozisiyası və Kitabxana-İnformasiya Mərkəzi daxildir.
Respublikamızda yaradılan ilk elektron kataloqlardan biri məhz Goranboy rayonunun Kitabxana-İnformasiya Mərkəzində quraşdırılmışdır. Ölkəmizin informasiya məkanında mühüm hadisə kimi qiymətləndirilən elektron kataloqun yaradılması və Kitabxana-İnformasiya Mərkəzinin açılışı ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elektron kataloqa proqram, nəfis tərtib olunmuş dərsliklər, lüğət, ensiklopediya, bədii ədəbiyyat, müasir informasiya daşıyıcıları (SD-lər) hədiyyə edilmişdir.
Kitabxana-İnformasiya Mərkəzinin web saytı da yaradılmışdır. İndi dünyanın istənilən yerindən internet vasitəsilə Goranboy rayon Kitabxana-İnformasiya Mərkəzinin saytına problemsiz daxil olmaq mümkündür. Burada yaradılan elektron kataloq İRBİS 64 sistemi əsasında quraşdırılmışdır. Bu sistem ABŞ mütəxəssisləri tərəfindən hazırlanaraq, dünyanın bir çox dövlətlərində 1500-dən çox kitabxanada tətbiq olunmuşdur.
Elektron kataloqunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı ilə nəşr olunaraq, kitabxanaya hədiyyə edilmiş kitablar yer almışdır.