Goranboyda vətəndaşların tikintiyə icazələrin verilməsi ilə bağlı sualları cavablandırılıb
Bakı, 19 avqust, AZƏRTAC
Vətəndaşları narahat edən məsələlərin öyrənilməsi və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Goranboy şəhərində vətəndaşlarla görüşüb.
Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.
Qəbul zamanı vətəndaşların tikintiyə icazələrin verilməsi ilə bağlı sualları cavablandırılıb, habelə tikinti layihələrinin şəhərsalma qanunvericiliyinin tələblərinə uyğunluğuna dair müraciətlərinə baxılıb, Komitə və tabeliyində olan qurumların fəaliyyət istiqamətinə aid sorğular qeydiyyata alınıb.
Həmçinin Goranboy Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşdə şəhərin Baş Planına uyğun davamlı inkişafının təmin edilməsi üçün mühüm addımlar müzakirə olunub, sakinlər üçün rahat şəhər mühitinin yaradılması istiqamətində görüləcək işlər müəyyən edilib.