GORANBOYDA YENİ RABİTƏ QOVŞAĞI BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
Dövlət himni səsləndirildikdən sonra mərasim iştirakçıları ümummilli lider, ölkə rabitəsinin inkişafında əvəzsiz xidmətləri olan Heydər Əliyevin rayon mərkəzində qranitdən ucaldılmış abidəsi önünə əklil və tər qərənfillər qoyaraq, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər. Sonra rayon icra hakimiyyəti başçısının müavini Məhəmməd Aşırov, rayon rabitə qovşağının rəisi Hafiz Muxtarov son bir ildə Goranboyun rabitə sistemində aparılan yenidənqurma işləri barədə mərasim iştirakçılarına ətraflı məlumat vermişlər.
Qeyd olunmuşdur ki, bu ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyevin Goranboya səfəri zamanı rayonun problemləri ilə maraqlanması və bu problemlərin həlli ilə bağlı verdiyi göstərişlər rayonda bütün sahələrdə olduğu kimi, rabitə sahəsinin inkişafına da güclü təkan vermişdir. Rayonda rabitə və poçt sahəsində irimiqyaslı işlər görülmüş, 118,2 kilometr uzunluğunda müasir tələblərə cavab verən optik kabel istismara verilmiş, bütün kənd ATS-ləri rəqəmli xətt avadanlığı ilə təmin edilmiş, Tap Qaraqoyunlu və Ağamalıoğlu kəndlərində yeni elektron ATS-lər fəaliyyətə başlamış, 26 kənddə rabitə binası əsaslı təmir edilmişdir. Şəhərlərarası və beynəlxalq rabitə kanallarının sayı 90-na çatdırılmışdır. İndi rayonunun ən ucqar kəndindən dünyanın bütün ölkələri ilə rabitə əlaqəsi saxlamaq mümkündür və buna görə goranboylular ölkəmizin Prezidentinə minnətdardırlar.
Sonra Aşağı Ağcakənd qəsəbəsinin sakini Qabil Həsənov, Borsunlu kənd orta məktəbinin direktoru Fikrət Quliyev, şəhər 2 saylı orta məktəbinin müəllimi Sənəm Alxasova və başqaları ürək sözlərini söyləmiş, göstərilən qayğıya əmli işlə cavab verəcəklərini bildirmişlər.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və respublika rabitə və informasiya texnologiya nazirinin müavini İltimad Məmmədov isə öz çıxışlarında son illər ölkəmizdə aparılan geniş abadlıq və quruculuq işlərindən danışmış və bütün bunları ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, yeni rabitə qovşağı binasının açılışı əlamətdar hadisə ilə yaddaqalan olacaqdır ki, bu da ölkə başçısı İlham Əliyevin doğum gününə təsadüf etməsidir. Mərasim iştirakçıları bu münasibətlə respublika Prezidentinə goranboyluların sevgisini ifadə edən təbrik teleqramı ünvanlamışlar. Axırda rəmzi qırmızı lent kəsilmiş və mərasim iştirakçıları qovşağın otaqlarını gəzmiş, salonda qoyulmuş monitorda bir başa canlı videorabitə vasitəsilə ətraf rayonların rabitə qovşaqları ilə əlaqə yaradılmasında iştirak etmişlər.
X X X
Həmin gün Goranboyda daha bir sosial obyektin - Səfikürd kəndi ilə Tatarlı kəndləri arasındakı Qaraçay çayı üzərində salınmış yeni körpünün açılışı da olmuşdur. Bu münasibətlə keçirilən tədbirdə kənd ağsaqqalları, ziyalılar çıxış edərək körpünün salınmasına maliyyə dəstəyi göstərən Respublika Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və eləcə də insanların sosial problemlərinin həlli istiqamətində aparılan məqsədyönlü işlərə görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə etmişlər. Axırda rəmzi qırmızı lent kəsilmiş və yeni körpü üzərindən ağıryüklü avtomobillərin hərəkətinə baxış keçirilmişdir.