MƏDƏNİYYƏT
Görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun müəllif konserti olub
![](/files/galleryphoto/2023/3/1200x630/16977274041947352805_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16977274042971548806_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16977274044422623596_1200x630.jpg)
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun yaradıcılığının və pedaqoji fəaliyyətinin 70 illiyinə həsr olunmuş müəllif konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək Qara Qarayev məktəbinin layiqli davamçısı olan Tofiq Bakıxanovun yaradıcılıq və pedaqoji fəaliyyətindən danışıb. O bildirib ki, Tofiq Bakıxanovun çoxşaxəli yaradıcılığı musiqinin müxtəlif janrlarını ehtiva edir.
Sonra konsert proqramı təqdim olunub.
Bəstəkarın müəllif konsertində kamera-instrumental və kamera-vokal əsərləri ifa olunub. İri formalı kamera ansambl üçün (viola, violonçel və fortepiano) silsilə şəklində yazılmış kompozisiyadan ibarət 3 trio səslənib. Bu əsərlə yanaşı vokal və səs və fortepiano üçün romanslar “Bir könlün 18 təranəsi” vokal məcmuəsindən “Bağışla məni” (söz: Süleyman Rüstəm), “Günah özümdədir” (söz: Atif Zeynallı), “Günah etdim” (söz: İttifaq Mirzəbəyli), violin və fortepiano üçün “Elegiya”, “Skertso” təqdim olunub.
Əsərlər Azərbaycan Dövlət Fortepiano Triosu (Töhfə Babayeva - violin, Səbinə İbrahimova - violonçel, Elnarə Kəbirlinskaya -fortepiano), həmçinin Azərbaycan Dövlət Xor Kapellasının solisti Leyla Dadaşovanın (soprano), Nuranə Qurbanovanın (fortepiano), Lalə Muxtarovanın (violin) ifasında səsləndirilib.
Konsert proqramında bəstəkarın Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından Fantaziyanın videolenti də təqdim olunub.