GÖRKƏMLİ ƏDƏBİYYATŞÜNAS ALİMİN 70 İLLİYİ QEYD OLUNMUŞDUR
MEA-nın Ədəbiyyat İnstitutunun direktoru akademik Bəkir Nəbiyev Azərbaycanda çağdaş ədəbi elmi prosesin mühüm perspektiv meyillərinin müəyyənləşməsində, miqyaslı nəzəri problemlərin irəli sürülüb, həll edilməsində Yaşar Qarayevin 40 illik yaradıcılıq fəaliyyətini yüksək dəyərləndirmişdir. Bildirmişdir ki, tənqidçi, nəzəriyyəçi, ədəbiyyat tarixçisi olan alim milli, ənənəvi Azərbaycan ziyalılığının fədakar xadiminə məxsus çoxcəhətli, zəngin yaradıcılıq yolu keçmışdir. Onun klassik və müasir Azərbaycan ədəbiyyatının tarixi və nəzəriyyəsi sahəsində 22 kitabı, 300-dən artıq elmi məqaləsi çap olunmuşdur. Ədəbi-elmi prosesdə yeni, aparıcı bədii metod nəzəriyyəsi, Renessans və Maarifçilik problemi, ədəbiyyat tarixçiliyində və ədəbi tənqiddə analitik nəzəri üslub bilavasitə onun bu tədqiqatlarının iştirakı ilə formalaşmışdır. Xüsusən Yaxın Şərqdə realizmin genezisi, psixologiyası barədə Y.Qarayevin nəzəri müddəaları ümumtürk ədəbi-elmi fikir miqyasında həmin problemin həllində əhəmiyyətli rol oynamışdır. Onun bir sıra əsərləri Rusiya, İran, Türkiyə, ABŞ, İngiltərə, Fransa, Almaniya və s. ölkələrdə nəşr olunmuşdur. O, çoxcildli “Dünya ədəbiyyatı tarixi”nin, “Türk dünyası xalqları ədəbiyyatı tarixi”nin, “Azərbaycan ədəbiyyatı tarixi”nin ən fəal və məhsuldar müəlliflərindən biri idi. Alimin “Faciə və qəhrəman”, “Poeziya və nəsr”, “Azərbaycan realizminin mərhələləri”, “Ədəbi üfüqlər”, “Meyar şəxsiyyətdir” və digər kitabları yüksək peşəkarlığı, sosial-mədəni, milli-ideoloji dəyəri ilə seçilir.
Yaşar Qarayevin bilavasitə rəhbərliyi ilə 30 elmlər namizədi, 5 elmlər doktoru yetişmişdir. Alimin 15 il rəhbərlik etdiyi Nizami adına Ədəbiyyat İnstitutu ilə Yaxın Şərq ölkələrinin, Avropanın və Rusiyanın elmi mərkəzləri arasında səmərəli əməkdaşlıq əlaqələri yaradılmışdır. O, beynəlxalq elmi məclislərdə ölkəmizi layiqincə təmsil etmişdir.
Filologiya elmləri namizədi Şirindil Alışanlı “Görkəmli ədəbiyyatşünas və tənqidçi” adlı məruzəsində alimin elmi yaradıcılığından ətraflı söz açmış, onu dərin zəka, nadir elmi təfəkkür sahibi kimi səciyyələndirmişdir. Yazıçılar birliyinin sədri Anar, AMEA-nın müxbir üzvləri Nizami Cəfərov, Tofiq Hacıyev və başqaları görkəmli alimin ədəbiyyatşünaslıq elmimizin və ədəbi tənqidimizin inkişafındakı xidmətlərindən danışmış, onunla bağlı xatirələrini söyləmişlər.
Əməkdar rəssam Ənvər Qarayev qardaşının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.