GÖYÇAY GƏNCLƏRİNİN V ÜMUMRAYON TOPLANTISI KEÇİRİLMİŞDİR
Göyçay Rayon İcra Hakimiyyətinin böyük zalında gənclərin ümumrayon toplantısı keçirilmişdir.
Tədbirdə gənclər və idman idarəsinin rəisi Elşən Şirinov Azərbaycan gənclərinin IV forumundan sonra görülən işlər və V foruma hazırlıqla bağlı məruzə etmişdir. O, çıxışında ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı ildə respublika gənclərinin I forumunun keçirilməsi, 1997-ci ildən fevralın 2-nin gənclər günü kimi qeyd olunması, dövlətin gənclər siyasəti ilə bağlı qəbul etdiyi qərar və proqramlar barədə ətraflı məlumat vermişdir.
Qeyd olunmuşdur ki, IV forumdan sonra gənclərin ictimai-siyasi həyatda fəallığının artırılması, gənclərlə iş sahəsində qəbul olunmuş qərarların həyata keçirilməsi istiqamətində ardıcıl iş aparılmış, müxtəlif idman yarışları, intellektual və hərbi-idman oyunları, konfrans və dəyirmi masalar təşkil olunmuş, gənclərin sahibkarlıq fəaliyyəti dəstəklənmişdir.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Gənclər və İdman Nazirliyinin regionlarla iş və kadrlar şöbəsinin müdiri Asif Quliyev, mərkəzi rayon xəstəxanasının həkimi Ləman Hacıyeva çıxış edərək bildirmişlər ki, Azərbaycan dövləti gənclərə daim diqqət və qayğı göstərir, onların yüksək təhsilə yiyələnməsi, məşğulluğunun təmin olunması istiqamətində səmərəli addımlar atır. Ölkəmizdə gənclərlə iş və idmanla bağlı qəbul olunmuş sənədlər gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən yetkinləşməsinə, onların sosial problemlərinin həllinə, məşğulluğunun təmin olunmasına, idmanın kütləviliyinin artırılmasına öz müsbət təsirini göstərmişdir.
Yığıncaqda Azərbaycan gənclərinin V forumuna 18 nəfər nümayəndə seçilmiş, rayonun ictimai-siyasi həyatında fərqlənən 15 gəncə mükafatlar təqdim olunmuşdur.
Sonda Göyçay gəncləri adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.