Göyçayda daha 4 kəndin 20 nəfər ahıl tənha sakininə yardım olunub
Göyçay, 2 aprel, AZƏRTAC
Göyçay rayonunda koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar sosial izolyasiya və karantin rejimi şəraitində ahıl tənha sakinlərə yardım davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, daha 4 kənddə - Alpout, Yeniarx, Məlikkənd və Alxasava yaşayış məntəqələrində 20 nəfər ahıl tənha şəxsə ərzaq yardımı göstərib, lazımi dərman preparatı verilib. Yardımlar kənd ərazi dairələri üzrə nümayəndəliklərin işçiləri tərəfindən çatdırılıb.
Gündəlik zəruri ərzaq tələbatı və dərman preparatlarının çatdırılması ilə əlaqədar tənha ahıl sakinləri ziyarət edən işçilər onlarla maarifləndirici söhbətlər aparır, habelə qayğı və problemləri ilə maraqlanırlar.
Qeyd edək ki, Göyçayda Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin qeydiyyatında 243 nəfər tənha ahıl vətəndaş var.