Göyçayda kitab bayramı maraqla qarşılanmışdır
Göyçay, 18 may (AZƏRTAC). Mayın 18-də Göyçay şəhərindəki Heydər Əliyev meydanında kitab bayramı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, bayram tədbirinin keçirildiyi ərazi dahi rəhbərin mədəniyyət, kitabxana, xalq haqqında müdrik fikirlərini əks etdirən şüarlar və rəngarəng bayraqlarla bəzədilmişdir.
Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların, təhsil və mədəniyyət işçilərinin, şagirdlərin iştirak etdikləri tədbirdə rayon İcra hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova, mədəniyyət və turizm şöbəsinin müdiri Sahib Şükürov çıxış edərək Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə respublikanın regionlarında keçirilən ənənəvi kitab bayramının əhəmiyyətindən söz açmışlar. Natiqlər kitab bayramının gənc istedadların bilik və bacarıqlarının üzə çıxmasında önəmli rolu olduğunu bildirmişlər.
Tədbirdə “Müstəqil Azərbaycan dövlətinin memarı”, “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir”, “Müdrik rəhbərin layiqli davamçısı”, “Yeni latın qrafikalı kitablar”, “Çox oxusan, çox bilərsən”, “İngilis dili öyrənənlərə”, “Uşaqların nağıl dünyası”, “Yaşa kitab”, “Dövri mətbuat”, “Abdulla Şaiq-130”, “Molla Nəsrəddin -105”, “Mirzə İbrahimov-100” və digər bölmələr üzrə 500 adda 800 ədəd kitab iştirakçılara təqdim olunmuşdur.
Kitab bayramında Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə nəşr olunan kitabların sərgisi təşkil edilmiş, eyni zamanda göyçaylı yazarların əsərləri nümayiş etdirilmişdir.
Ayrı-ayrı yazıçı və şairlərin yaradıcılığından bəhs edən səhnələşdirilmiş əsərlər təqdim edilmiş, Vətən, kitab, təbiət, qəhrəmanlıq haqqında müxtəlif kəlamlar, şeirlər söylənilmişdir.
Tədbirdə maraqlı müsabiqələr keçirilmiş, habelə yerli incəsənət ustalarının, məktəblilərin və mədəniyyət evinin rəqs kollektivinin, rayon uşaq musiqi məktəbi şagirdlərinin çıxışları böyük maraqla qarşılanmışdır.