Göyçayda koronavirus pandemiyasına qarşı əhalinin vaksinasiyası davam etdirilir
Göyçay, 4 mart, AZƏRTAC
Göyçay rayonunda vətəndaşların COVID-19 infeksiyasına qarşı vaksinasiyası davam etdirilir və rayon mərkəzi xəstəxanasında bu məqsədlə ayrılan xüsusi otaqlarda indiyədək 2869 nəfər təhlükəli virusa qarşı peyvənd olunub.
Bu barədə rayon icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, vətəndaşların peyvənd olunması Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq mərhələli şəkildə aparılır. İlkin olaraq səhiyyə ocaqlarında çalışan tibb işçiləri peyvənd olunublar. Habelə, yaşı 65-dən yuxarı 853 nəfər, 50-65 yaşarası 1641 nəfər, yaşı 50-də az olan 375 nəfər vətəndaş peyvənd edilib. Rayonda ikinci doza üçün 621 nəfər vaksinasiya prosesindən keçib.