Göyçayda “Şuşa İli”nə həsr olunmuş musiqili ədəbi-bədii tədbir keçirilib
Bakı, 31 may, AZƏRTAC
Göyçay rayonunda Rəsul Rzanın ev-muzeyində “Şuşa İli”nə həsr olunmuş “Şuşam mənim, gözəlliklə qoşam mənim” adlı musiqili ədəbi-bədii gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Gecəni giriş sözü ilə açan muzeyin direktoru Solmaz Həsənova Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” kimi qeyd olunması ilə bağlı ölkəmizin bütün mədəniyyət və təhsil müəssisələrində bir-birindən maraqlı tədbirlər keçirildiyini bildirib: “Azərbaycanın mədəniyyət paytaxtı, füsunkar təbiətli, böyük sənətkarlar diyarı Şuşa ilə bağlı Rəsul Rzanın ev-muzeyində keçirilən tədbir mühüm əhəmiyyət daşıyır. Xalq şairi R.Rza Şuşanın gözəlliyini vəsf edərək təsirli misralar qələmə alıb:
Şuşam mənim,
Gözəlliklə qoşam mənim.
Gözəllikdə hansı şəhər
Söylə, sənə tay olarmı?
Gecədə şəhər 7 illik musiqi məktəbinin şagirdlərinin təqdim etdiyi ifalar, şəhər 4 nömrəli və Ləkçıplaq kənd tam orta məktəblərinin şagirdlərinin hazırladıqları “Vaqif” və “Natəvan” pyeslərindən səhnəciklər xoş təsir bağışlayıb.