Güclü Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin şah əsərlərindən biridir
Sabirabad, 24 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konfrans Mədəniyyət Mərkəzində təşkil edilib.
Konfransdan əvvəl Ulu Öndərin rayondakı abidəsi ziyarət edilib, önünə tər gül dəstələri düzülüb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxışçılar müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusunun xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şah əsərlərindən biri olduğunu vurğulayıb, Ulu Öndərin Milli Ordu quruculuğu istiqamətində həyata keçirdiyi böyük işlərdən söz açıblar.
Konfransda Ulu Öndərin ordu quruculuğu istiqamətində açdığı yolun Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə olmasından, 44 günlük Vətən müharibəsində Ordumuzun göstərdiyi rəşadətdən, qazanılan tarixi zəfərdən də bəhs edilib.
Konfrans Sabirabad rayon Mədəniyyət Mərkəzinin əməkdaşları və Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin müəllim və şagird heyətinin vətənpərvərlik mövzusunda hazırladığı konsert proqramı ilə davam edib.