GÜCLÜ KÜLƏK UCARDA CİDDİ FƏSADLAR TÖRƏTMİŞDİR
Ucar, 24 sentyabr (AZƏRTAC). Sentyabrın 23-cü axşam saat 20 radələrində başlayan güclü külək Ucarda bir sıra fəsadlar törətmişdir.
AZƏRTAC xəbər verir ki, ən çox ziyan rayonun elektrik şəbəkəsinə və telekommunikasiya qovşağına dəymişdir. Elektrik şəbəkəsi üzrə 19 ədəd 10 kilovoltluq, 25 ədəd 0,4 kilovoltluq dayaq sınmış, 2 ədəd transformator zədələnmiş, 5 kilometr elektrik məftili qırılmışdır. Axşam saat 20.00-dan etibarən rayonda elektrik enerjisinin verilişi tamamilə dayandırılmışdır.
Telekommunikasiya qovşağı üzrə 47 ədəd telefon dayağı yıxılmış, habelə 14 kilometr uzunluğunda izolə edilmiş məftil, 3 kilometr açıq məftil qırılmış və zədələnmişdir.
Güclü külək yaşayış evlərinə, ekologiyaya da xeyli ziyan vurmuşdur. Bir ədəd 12 mənzilli yaşayış binasının dam örtüyü tamamilə uçmuşdur. Külək 2 ədəd 16 mənzilli yaşayış binasının üst örtüyünün xeyli hissəsini sıradan çıxarmış, digər bir sıra ictimai yaşayış binasının və fərdi yaşayış evinin dam örtüyünü zədələmişdir.
Təbii fəlakət nəticəsində rayon mədəniyyət evinin, “Aqrolizinq” ASC-nin Ucar rayonlararası təchizat bazasına məxsus tikilinin dam örtüklərini sıradan çıxarmışdır. Təchizat bazasının dam örtüyü ərazidəki açıq şəraitdə saxlanılan texnikanın üzərinə düşərək xeyli ziyan vurmuşdur.
Qasırğa rayon ərazisində 70 ədədə yaxın ağacı kökündən çıxarmış və ya sındırmışdır.
Rayon fövqəladə hallar komissiyasından bildirmişlər ki, hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.