Güclü qar səbəbindən sürücülərin Ağsu dolaylarından istifadə etməmələri tövsiyə olunur
Ağsu, 24 fevral, AZƏRTAC
Ağsu rayonunda ötən gecədən qar yağmaqda davam edir.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şimal dağlıq ərazilərdə, o cümlədən Kalva, Dilman, Sanqalan, Nüydü, Nuran kəndlərində qarın qalınlığı 15-17 santımetrə çatıb. Rayon mərkəzində və ətraf ərazilərdə isə 5-7 santımetrdir. Yağan qar əhalinin su, elektrik enerjisi və təbii qazla təminatında problem yaratmayıb. Lakin yollarda avtomobillərin hərəkətində çətinliklər yaşanıb.
Səhər saatlarından etibarən hər yerdə, xüsusilə şəhərin küçələrində, dağ kəndlərində və Ağsu dolaylarında yolların təmizlənməsi, hərəkət üçün təhlükəsiz vəziyyətə gətirilməsi istiqamətində tədbirlər görülür. “4 saylı magistral yolların istismarı” MMC-nin 1 texnikası və 8 işçisi gecədən 14 kilometrlik Ağsu dolaylarında hərəkətin təhlükəsizliyi üçün çalışır. Xüsusilə Bakı-Şamaxı-Yevlax yolunun Ağsu dolaylarından keçən 143-153-cü kilometrində avtomobillərin hərəkətində çətinliklər yaranıb. Yola duz-qum qarışığının səpilməsindən sonra çətinlik aradan qaldırılıb.
Lakin qar yağmaqda davam edir və buna görə də sürücülərin dolaylarda ehtiyatlı olmaları, xüsusilə gecə bu yoldan istifadə etməmələri tövsiyə olunur.