Gülər Coşqunsoyun yeni kitablarının təqdimatı keçirilib
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycanda Atatürk Mərkəzində gənc yazar Gülər Coşqunsoyun “Ulu röya yolunda” və “Milli xilaskar” adlı yeni kitablarının təqdimat və imza
günü keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Çıxışlarda Gülər Coşqunsoyun yaradıcılığında milli kimlik, azərbaycançılıq ideyaları və vətənpərvərlik mövzularının ön planda dayandığı qeyd olunub. Bildirilib ki, “Ulu röya yolunda” kitabı 2020-ci ilə qədər adı açıqlanmış bütün Milli qəhrəmanlarımız və şəhid general Polad Həşimovun həyat yoluna həsr olunub. Əsər milli
qəhrəmanlıq ruhunun gələcək nəsillərə ötürülməsi baxımından dəyərli ədəbi mənbə kimi təqdim edilib.
Natiqlər ilk böyük poemadan ibarət “Milli xilaskar” əsərini dövlət başçısının tarixi liderliyinin, Zəfər strategiyasının və müasir müstəqil Azərbaycanın quruculuq mərhələsinin bədii təcəssümü kimi dəyərləndiriblər.
Müəllif tədbir iştirakçılarına təşəkkürlərini bildirərək qeyd edib ki, hər iki əsər xalqın Vətən sevgisinə və milli dirçəliş ruhuna həsr olunub.
Tədbir Zəfər ruhunu və milli həmrəyliyi əks etdirən ab-havada, yazıçının sözlərinə bəstələnmiş “Milli xilaskar” mahnısının ifası ilə başa çatıb.