CƏMİYYƏT
Gülnarə Musabəyova: Uşaqlarda autizmin erkən aşkarlanması müalicənin effektivliyini artırır
Bakı, 24 fevral, AZƏRTAC
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Gülnarə Musabəyova uşaqlarda autizm əlamətləri, onun müalicəsi və erkən aşkarlanmasının əhəmiyyəti barədə danışıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.
- Autizmli doğulma ehtimalının risk faktorları hansılardır?
- Autizmin risk faktorlarına valideynlərin yaşı, ananın psixi və fiziki sağlamlığı, ekoloji faktorlar, qida və digər amillər aid edilir. Burada irsilik faktorunun da böyük əhəmiyyəti var. Nəsildə autizm spektr pozuntularından (ASP) əziyyət çəkən şəxslər olduqda uşaqda da bunun rast gəlinməsi istisna deyil.
Yaranma səbəbi elmə məlum olmayan ASP qızlara nisbətən oğlanlarda dörd dəfə çox rast gəlinir. Ümumiyyətlə, son 20-30 il ərzində ASP olan uşaqların sayının kəskin şəkildə artmasına şahid oluruq. Statistik məlumatlara görə, dünya ölkələrində 160 uşaqdan biri ASP-dən əziyyət çəkir. Qeyd edim ki, illər öncə uşaqlarda autizmin yaranmasını onlara vurulan peyvəndlərlə əlaqələndirirdilərsə, aparılan tədqiqatlar bu fərziyyələri təkzib edib.
- Autizmin uşaqlarda ən çox rast gəlinən əlamətləri hansılardır?
- Autizm spektr pozuntuları üçün ümumi xarakter daşıyan əlamətlər: məhdud maraqlar və davranış, təkrarlanmalar, nitqdə gerilik, hiperaktivlik, əhval-ruhiyyənin qeyri-stabilliyi və s. Ona görə də valideynlər uşaq doğulduğu andan onun 3 yaşına qədər ana qucağında olmaq istəməməsi, anası və digər yaxın adamlar ilə əlaqə yaratmaması, ətrafda baş verən hadisələrə marağının olmaması, ailə üzvlərindən birinə güclü bağlılığı kimi hallara diqqət yetirməlidirlər. Üç yaşdan yuxarı olanlarda isə başqalarının emosiyalarını çətin anlamaq, dostluq münasibəti qura bilməmək, öz təşəbbüsü ilə əlaqə yaratmamaq, komanda oyunlarında iştirak edə bilməmək, ətrafdakılara qarşı tənhalıq nümayişi valideynləri narahat etməlidir.
- Autizm sindromu olan uşağa ilkin diaqnozu hansı ixtisas həkimi tərəfindən qoymalıdır?
- ASP olan uşaqların valideynləri ilk simptomları müşahidə ediləndə, adətən, uşaq poliklinikalarına müraciət edilməlidir. Bu baxımdan sahə pediatrlarının üzərinə böyük məsuliyyət düşür. Onlar uşaqlarda olan problemləri qısa zamanda aşkarlayaraq, düzgün diaqnoz qoyulması üçün mütəxəssislərin (psixopedaqoqlar, loqopedlər, psixoloqlar və s.) yanına yönəltməlidilər.
- Autizimin medikamentoz və ya qeyri-medikamentoz üsullarla müalicəsi nə dərəcədə faydalıdır?
- Autizmin dərman müalicəsi indiyə qədər mübahisəli məsələ olaraq qalır. Medikamentoz və ya qeyri-medikamentoz üsulların kompleks istifadəsi, uşağın ailəsi ilə psixoedukasiya və sosial iş ilə birgə aparılan müalicənin əsas prinsipidir. Autistik əlamətlər aşkar edildiyi andan lazımi addımlar atılmalıdır. Hər uşaq üçün fərdi yanaşma mütləqdir. Erkən yaşlarından başlanan psixososial müdaxilələr (ABA-terapiya (ABA - Davranış analizin tətbiqi), TEACCH (Autistik əlil uşaqlar üçün kommunikasiya, müalicə və təhsil), CBT (Kognitiv davranış terapiyası) və s.) bir çox uşaqlarda müsbət nəticə verir.
- Övladında autizm əlamətləri hiss edən valideynlərə nə məsləhət edərdiniz?
- Uşaqlarda autizmin olması nə qədər tez aşkarlanarsa, göstərilən yardımlar daha da effektiv olar. Valideynlər övladlarına qarşı diqqətli olmalıdırlar. İlk növbədə, mütəxəssislərin erkən müdaxiləsi çox önəmlidir. Ümumiyyətlə, autizm spektrli uşağı tərbiyə etmək ailə üçün böyük stresdir. Belə ki, bu sindromlu uşaqlara qulluq etmək böyük diqqət və dözüm tələb edir, çünki onların bəziləri həddən artıq fəaldır. Eyni zamanda, autizm spektrli uşaqların güclü tərəfləri istifadə olunmalıdır, çünki onların içərisində xüsusi fitri istedada malik olanlar da az deyil.