Gümüşü könüllü: İnsanlara kömək etməkdən məmnunluq duyuram
Bakı, 5 mart, AZƏRTAC
Psixoloqların fikrincə, yaxşılıq etmək insanı xoşbəxt edən ən mühüm faktorlardan biridir. Bu mənada gənc, yaşlı, xüsusilə də fiziki məhdudiyyəti olan könüllülərin fəaliyyəti xidmətdən daha çox yaxşılıq etməkdən zövq almaq, özünü cəmiyyətə faydalı hiss etməklə xoşbəxt olmaqdır.
Ölkəmizdə ildən-ilə genişlənən könüllük hərəkatı gənclərlə bərabər yaşlı nəslin nümayəndələrini də əhatə edir. DOST mərkəzində ötən ildən həyata keçirilən “Gümüşü DOST” altproqramı pensiyaçıların cəmiyyətə reinteqrasiyası, nəsillərarası təcrübə və bilik mübadiləsi, yaşlı şəxslərin asudə vaxtının aktiv təşkili və fəal yaşlanması məqsədi daşıyır.
1 saylı DOST mərkəzində “Gümüşü könüllü” kimi fəaliyyət göstərən İradə Ağalarovanı həmin layihəyə cəlb edən də ətrafdakılara faydalı olmaq, öyrətmək və öyrənməkdir.
O, AZƏRTAC-ın müxbiri ilə söhbətində layihəyə qoşulması barədə bunları deyib: “Mən müəllim kimi ingilis və fransız dillərini tədris etmişəm, rus dilini də bilirəm. Bu ilin ölkəmizdə “Könüllülük ili” elan olunması mənim çox ürəyimcə oldu. Nə qədər ki, fiziki gücüm, bacarığım imkan verir, başqalarına kömək edəcəm. Bu istəklə layihəyə qoşularaq könüllülük fəaliyyətinə üz tutdum. Artıq ikinci aydır ki, fəaliyyətimi davam etdirirəm. Açığını deyim ki, məmnunam. Həm gənclərlə işləməyi çox sevirəm, həm də özüm bu maraqlı və faydalı sahədə çox şeylər öyrənirəm”.
Pedaqoqluğu, mükəmməl dil bilməyi də burada onun əməyini daha gərəkli edib: “Xüsusilə rus dili mərkəzinə üz tutan sakinlərlə ünsiyyətdə çox lazım olur. Ölkəmizdə yaşayan bəzi yaşlı rusdilli sakinlər, eləcə də başqa ölkələrdən müraciət edənlərə xidmət zamanı mənim əməyimə daha çox ehtiyac duyulur. Bu, heç də az deyil. Başqalarına kömək etmək, yardım əli uzatmaq, kiminsə sevincinə şərik olmaq çox böyük savabdır. Bu savabı qazanmaqdan üstün nə ola bilər? Hesab edirəm ki, belə bir fəaliyyət həyatıma rəng qatır, məni daha rahat və məmnun edir”.