Günahsız insanların qətlə yetirilməsi sovet rejiminin cinayətkar mahiyyətini dünyaya bir daha nümayiş etdirdi
Sumqayıt, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Sumqayıt Dövlət Universitetində (SDU) Qanlı Yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Əvvəlcə professor-müəllim, tələbə heyəti universitetin həyətində 20 Yanvar hadisələrində şəhid olan ali məktəbin məzunlarının xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzüblər.
SDU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rektor, professor Elxan Hüseynov anım mərasimində faciənin acı nəticələrindən danışıb. Qeyd olunub ki, 20 Yanvar xalqımızın qan yaddaşına əbədi həkk olunub. İnsanlar keçmiş sovet imperiyasının ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçdilər, şəhidlik zirvəsinə ucalaraq müasir tariximizin qəhrəmanlarına çevrildilər. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Tədbirdə tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev çıxış edərək bildirdilər ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, həmin gün ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb.
Şəhid ailələri adından Həmzə Adıyevin bacısı Səadət Adıyeva çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Sonda filologiya fakültəsinin tələbələri Günay Allahquliyeva və Könül İbrahimovanın ifalarında vətənpərvərlik ruhlu şeirlər səsləndirildi.