“Günay” uşaq teatr-studiyasının rəhbəri: Vətənpərvərlik tərbiyəsi zərurətdir
Bakı, 8 noyabr, Anara Axundova, AZƏRTAC
AZƏRTAC ölkəmizin mədəniyyət və incəsənət nümayəndələri ilə silsilə söhbətləri davam etdirir. Bu dəfə uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyəti barədə artıq 20 ildir Bakı Uşaq və Gənclər Teatrı nəzdində fəaliyyət göstərən “Günay” teatr-studiyasının rəhbəri Larisa Tarusova düşüncələrini bölüşüb.
“Vətənpərvərlik tərbiyəsi, sadəcə, zərurətdir. Bu, hər şeydən önəmlidir. Uşaqlar Vətəni ruhları, qəlbləri və ağılla hiss etməlidirlər. Teatrımızda “Azərbaycan” adlı çox gözəl bir teatr kompozisiyası var. Bu işi çoxdan hazırlamışam, artıq inkişaf etdirmişəm və ölkəmizin əlamətdar günlərində səhnələşdirməyi planlaşdırıram. Yaxın vaxtlarda bu kompozisiyanı Qarabağ müharibəsi iştirakçılarının da qatılacağı tədbirlərdə təqdim edəcəyik”, - deyə müsahibimiz bildirib.
Teatr rəhbərinin sözlərinə görə, “Günay” kollektivi Azərbaycan şairlərinin, yazıçılarının və bəstəkarlarının yaradıcılığını təbliğ etməklə yanaşı, vətənpərvərlik mövzularına da eyni dərəcədə diqqət yetirir.
“İnsan doğulduğu torpaqla mənəvi bağını hiss etməlidir. Biz bu torpaqda yaşayırıq və Vətənimizi sevməli, hörmət etməli, ona dəyər verməliyik. Mənim uşaqlarım da öz Vətənlərini, doğulduqları bu torpağı sevirlər. Onlarla qürur duyuram!”, - deyə Larisa Tarusova vurğulayıb.