Gürcü gənclər “Xocalıya ədalət” imza toplama aksiyasında fəal iştirak edirlər
Tbilisi, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Gürcüstanın Bolnisi şəhərində Xocalı faciəsinin 23 ildönümü ilə bağlı anım tədbiri keçirilib.
“Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) və Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (BAMM) birgə təşkil etdikləri tədbirin iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
BAMM-ın sədri Əlxan Yəhyaoğlu, AMM-ın gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva çıxış edərək Xocalı soyqırımı barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət” kampaniyasının uğurlu fəaliyyəti sayəsində Xocalı və Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırılır və artıq bir neçə ölkə ermənilərin Xocalıda törətdiklərini soyqırımı kimi tanıyıb. Bu cür tədbirlər Gürcüstanda sistemli şəkildə keçirilir və gənclər dünya ictimaiyyətinin məlumatlandırılması işinə fəal qoşulublar.
Tədbirdə çıxış edən Bolnisi şəhər mədəniyyət şöbəsinin rəhbəri Koba Zigenti bu qətliamın bütövlükdə insanlığa qarşı yönəlmiş cinayət olduğunu vurğulayıb. “Gürcü xalqı bu hadisələri təəssüf hissi ilə anır. Biz də ərazi bütövlüyümüzü itirmiş, təcavüzə məruz qalmış xalqıq, minlərlə vətəndaşımız öz ölkəsində məcburi köçkün həyatı yaşayır. İnanırıq ki, dünya ictimaiyyəti bu hadisələrə hüquqi qiymət verəcəkdir”, - deyə K.Zigenti vurğulayıb.
Tədbirdə iştirak edən çoxsaylı gürcü gəncləri “Xocalıya ədalət” imza toplama aksiyasına qoşularaq azərbaycanlı həmyaşıdları ilə bir olduqlarını qeyd ediblər.
Qeyd edək ki, “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Gürcüstanda “Xocalı ayı” elan olunub və bu ölkənin 9 regionunda silsilə tədbirlər, aksiyalar və elmi konfranslar davam edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi