Gürcü politoloq: Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi üçün mühüm mərkəzə çevrilib
Tbilisi, 15 may, AZƏRTAC
Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi üçün mühüm mərkəzə çevrilib. Azərbaycanın BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməsi mühüm nailiyyətdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, politoloq Badri Naçkebia deyib.
Onun sözlərinə görə, BMT-nin himayəsi ilə keçirilən bu tədbir yalnız şəhərsalma, ekologiya və ətraf mühit məsələlərinin müzakirəsi platforması deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi və daha etibarlı tərəfdaşa çevrilməsi baxımından da əhəmiyyətlidir.
Politoloq deyib ki, bu gün urbanizasiya bütün dövlətləri narahat edən məsələlərdəndir. Azərbaycan bu tədbirə ev sahibliyi etməklə həm beynəlxalq təcrübəni öyrənəcək, həm də işğaldan azad olunmuş ərazilərdə şəhərsalma ilə bağlı həyata keçirdiyi layihələri nümayiş etdirəcək.
Badri Naçkebia deyib ki, Gürcüstan da urbanizasiya məsələsində maraqlı tərəf kimi çıxış edə bilər. Bu sahədə Azərbaycan ilə Gürcüstan arasında da əməkdaşlığın genişləndirilməsi vacibdir. Düşünürəm ki, bu tədbirdən sonra ölkələrimiz arasında bu sahədə də mükəmməl əməkdaşlıq olacaq.