Gürcüstan azərbaycanlıları 9 aprel şəhidlərinin xatirəsini yad etmişlər
Marneuli, 10 aprel (AZƏRTAC). Marneulidə Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzi gənclər şöbəsinin və Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının təşəbbüsü ilə Gürcüstanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, hər iki təşkilatın fəalları, məktəb şagirdləri iştirak etmişlər.
Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzi gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva AZƏRTAC-a bildirmişdir ki, iştirakçılar Marneulidən Tbilisiyə yürüş keçirmiş və Rustaveli prospektində 9 Aprel memorialı önünə əklil qoymuşlar. Qeyd olunmuşdur ki, sonra tədbir Marneuli şəhərində davam etdirilmiş, eyni taleli Azərbaycan və Gürcüstan dövlətlərinin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sukutla yad olunmuşdur. N.Əliyeva demişdir ki, bu tədbirdə Gürcüstanın ərazi bütövlüyü uğrunda Abxaziya döyüşlərində həlak olmuş həmyerlimiz Ənvər Hümbətovun qızı Ofelya Ənvər qızı da iştirak etmiş və atasının xatirəsinin anıldığına görə təşəkkürnü bildirmişdir.
Ə.Hümbətovun xatirəsinin əbədiləşdirilməsi üçün müvafiq qurumlar qarşısında məsələ qaldırılması qərara alınmışdır.
Gürcüstan Azərbaycanlı Gənclər İttifaqının sədri Leyla Məmmədova gənclərin bu tədbirdə fəallığına diqqəti çəkmiş və yaxın keçmişimizin ağrılı tarixinin onların yaddaşında həkk olunmasında belə mərasimlərin önəmliliyini vurğulamışdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Marneuli