Gürcüstan azərbaycanlıları 9 aprel şəhidlərinin xatirəsini yad etmişlər
Marneuli, 10 aprel (AZƏRTAC). Marneulidə Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzi gənclər şöbəsinin və Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının təşəbbüsü ilə bu ölkənin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, hər iki təşkilatın fəalları, şagirdlər iştirak etmişlər.
Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzi gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva AZƏRTAC-a bildirmişdir ki, iştirakçılar Marneulidən Tbilisiyə yürüş keçirmiş və Rustaveli prospektində 9 Aprel memorialı önünə əklil qoymuşlar. Sonra tədbir Marneuli şəhərində davam etdirilmiş, Azərbaycan və Gürcüstan dövlətlərinin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. N.Əliyeva demişdir ki, bu tədbirdə Gürcüstanın ərazi bütövlüyü uğrunda Abxaziya döyüşlərində həlak olmuş həmyerlimiz Ənvər Hümbətovun qızı Ofelya Ənvər qızı da iştirak etmiş və atasının xatirəsinin anıldığına görə təşəkkürünü bildirmişdir.
Ə.Hümbətovun xatirəsinin əbədiləşdirilməsi üçün müvafiq qurumlar qarşısında məsələ qaldırılması qərara alınmışdır.
Gürcüstan Azərbaycanlı Gənclər İttifaqının sədri Leyla Məmmədova gənclərin bu tədbirdə fəallığına diqqəti cəlb etmiş və yaxın keçmişimizin ağrılı tarixinin onların yaddaşında həkk olunmasında belə mərasimlərin əhəmiyyətini vurğulamışdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Marneuli