GÜRCÜSTAN İQTİDARI SVANETİ BÖLGƏSİNDƏ ANTİKRİMİNAL ƏMƏLİYYATIN TEZLİKLƏ BAŞA ÇATACAĞINI BİLDİRİR
Gürcüstan Prezidenti Administrasiyasının rəhbəri Georgi Arveladze quldurlar tam tərksilah olunanadək əməliyyatın davam edəcəyini vurğulamış, terrorçu və quldurlarla sülh danışıqlarına başlanmayacağını bildirmişdir. O demişdir: “Antikriminal əməliyyat uğurla aparılır. İndiyədək Sakeni, Omraşeli, Aşağı və Yuxarı Kentsvisi, Kvitsianinin doğma kəndi Cxalta cinayətkar ünsürlərdən azad edilmişdir. Yerli əhali polisi xilaskar kimi qarşılayır”.
Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Konstantin Kemulariya Kodori dərəsinə getmiş və jurnalistlərlə görüşündə demişdir: “Ölkənin zəiflədilib dağıdılmasına və yeni münaqişə ocağı yaradılmasına yönəldilmiş cinayətlərə qarşı əməliyyat aparılır. Belə şəraitdə dövlət öz mənafeyini qorumağa borcludur. Əməliyyat planlı, peşəkar səviyyədə, minimum itkilərlə aparılır”.
Gürcüstan iqtidarının silahı yerə qoymaq müraciətinə E.Kvitsiani və tərəfdarları yenə də rədd cavabı vermişlər. Kvitsiani mübarizəni axıradək aparacağını bildirmişdir.
Quldurlardan təmizlənmiş kəndlərdə xaricdə istehsal olunmuş çoxlu silah və partlayıcı maddə tapılmışdır.
Gürcüstan Baş Prokurorluğu E.Kvitsianinin barəsində axtarış elan etmiş və onun barəsində cinayət işi qaldırılmışdır.