Gürcüstan nümayəndə heyəti ilə Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinin gedişi müzakirə olunmuşdur
Bakı, 18 may (AZƏRTAC). Azərbaycanın Nəqliyyat Nazirliyində Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaşvililinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur.
Nazirliyin mətbuat katibliyindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə nəqliyyat naziri Ziya Məmmədov son illər Azərbaycan iqtisadiyyatının inkişafından, əldə edilmiş uğurlardan və perspektivlərdən danışmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin artıq dünyada kifayət qədər nüfuza malik olduğunu qeyd edən Z.Məmmədov nəqliyyat infrastrukturunda aparılan islahatlar, yol-nəqliyyat kompleksində görülən işlər barədə də qonaqlara ətraflı məlumat vermiş, bu sahədə ölkələrimiz arasında əməkdaşlıqdan danışmışdır.
R.Nikolaşvilili nəqliyyat sektorunun bütün sahələri üzrə, xüsusilə də dəmir və avtomobil yolları sahəsində Gürcüstan-Azərbaycan əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulamışdır.
Görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı, tranzit yüklərinin daşınma potensialı, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinin gedişi və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.