İQTİSADİYYAT
GÜRCÜSTAN ÖLKƏMİZƏ ENERJİ BORCUNU ÖDƏYİR
Gürcüstan əvvəlki illərdən Azərbaycan Respublikasına yığılıb qalmış enerji borcunu ölkəmizə elektrik enerjisi verməklə yenidən ödəməyə başlamışdır. “Azərenerji” SC-nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Gürcüstan tərəfi Azərbaycanın enerji sisteminə artıq 10 milyon kVtsaatdan çox elektrik enerjisi vermişdir. Borcun ödənilməsi davam edir. İyul ayının sonunadək Gürcüstanın bütün borclarını ödəyəcəyi gözlənilir. Enerji borcunun ödənilməsi barədə tərəflər arasında razılaşma Gürcüstanın yanacaq və energetika naziri David Mirtsxulavanın ötən ilin yayında Bakıya səfəri zamanı əldə edilmişdir. İkitərəfli işçi komissiyanın hazırladığı cədvələ əsasən, borcun mərhələlərlə ödənilməsi prosesi 2002-ci il iyunun 14-də başlanmış və oktyabrında dayandırılmışdı. Beləliklə, ötürülmüş enerji 100 milyon kilovat saatı keçmişdir. Qış aylarında Gürcüstanda enerji qıtlığı olması nəzərə alınaraq, borcun qalan hissəsinin bu ilin yayında qaytarılması qərara alınmışdır.