GÜRCÜSTAN POLİSİ DMANİSİ KİLSƏSİNDƏ AXTARIŞ APARMIŞDIR
Dmanisi yeparxiyasının başçısı, yepiskop Zenonun sözlərinə görə, iyulun 2-də heç bir xəbərdarlıq edilmədən qara maskalı adamlar məbədə daxil olmuş və dindarları, kompleksdə bərpa işləri aparan memar və fəhlələri yerə uzatmış və onları 10 dəqiqə bu vəziyyətdə saxlamışlar. Xəbərdarlıq etmişlər ki, yerlərindən tərpənsələr atəş açacaqlar. Bundan sonra onlar kilsəni alt-üst etmişlər.
Xüsusi təyinatlılar bildirmişlər ki, guya cinayət törətməkdə şübhəli sayılan bir nəfəri və cəza yerindən qaçmış bir neçə adamı axtarırdılar.
Xüsusi təyinatlı dəstənin bu hərəkəti yepiskop Zenonun və dindarların haqlı narazılığına səbəb olmuşdur. Gürcüstan daxili işlər naziri Vano Merabişvili təqsirkarların cəzalandırılacağına söz vermişdir.