GÜRCÜSTAN RƏHBƏRLİYİ AZƏRBAYCANLA MÜNASİBƏTLƏRİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ ARDICIL MÖVQE NÜMAYİŞ ETDİRİR
Qonağı səmimiyyətlə salamlayan E.Məmmadyarov, bu səfərin ölkələrimiz arasındakı dostluq münasibətlərinin möhkəmlənməsi, strateji tərəfdaşlığın genişləndirilməsi və bir çox sahələrdə əlaqələrin dərinləşməsi üçün faydalı olacağına inam yaratdığını bildirmişdir.
Gürcüstan-Azərbaycan əlaqələrini yüksək qiymətləndirən G.Bejuaşvili ölkəsinin bundan sonra da respublikamızla ənənəvi dostluq və əməkdaşlıq münasibətlərini davam etdirəcəyini bildirmişdir. O, Azərbaycanla birgə iqtisadi layihələrin həyata keçirilməsində, istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli səviyyədə əməkdaşlığın möhkəmlənməsində Gürcüstan rəhbərliyinin ardıcıl və səmərəli mövqe tutacağını diqqətə çarpdırmışdır.
Görüşdə tərəflər Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu layihələrinin gerçəkləşmə işindən, ölkələrimizin GUAM təşkilatı çərçivəsində səmərəli əməkdaşlıqdan, TRASEKA proqramında fəal iştirakından söhbət açmışlar. Bundan əlavə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Cənubi Osetiya və Abxaziyadakı münaqişələrin həlli istiqamətində aparılan danışıqlara toxunulmuş, bu münaqişələrin yalnız beynəlxalq hüquq norma və prinsipləri əsasında həllinin mümkünlüyü qeyd edilmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılmışdır.
E.Məmmədyarov və G.Bejuaşvili görüşdən sonra yerli və xarici jurnalistlər üçün birgə mətbuat konfransı keçirmişlər. Müzakirə olunan məsələlər barədə məlumat verən nazirlər jurnalistləri maraqlandıran suallara aydınlıq gətirmişlər.