Gürcüstan Sahil Mühafizə Departamentinin əməkdaşları Türkiyə HDQ-nin gəmilərində xidmət keçəcəklər
Tbilisi, 16 dekabr, AZƏRTAC
Gürcüstan Dövlət Sərhəd Polisinin Sahil Mühafizə Departamentinin əməkdaşları NATO-nun "Dəniz Mühafizəçisi" dəniz təhlükəsizliyi əməliyyatında iştirakı zamanı Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərində yerləşdiriləcəklər.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar qanun layihəsi Gürcüstan Parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin iclasında müzakirə olunub. Komitə iclasında Gürcüstan daxili işlər nazirinin müavini Aleksandre Darakhvelidze "Gürcüstan Daxili İşlər Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında NATO-nun "Dəniz Mühafizəçisi" dəniz təhlükəsizliyi əməliyyatında iştirakı zamanı Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin gəmilərində Gürcüstan Daxili İşlər Nazirliyinin Dövlət Alt Qurumunun - Gürcüstan Sərhəd Polisinin Sahil Mühafizəsi Departamentinin əməkdaşlarının yerləşdirilməsi haqqında" texniki razılaşmanı təqdim edib. Bildirilib ki, sənəd Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən Gürcüstan Sərhəd Polisi ilə əlaqələndirilərək hazırlanıb. Sənəd NATO-nun "Dəniz Qoruyucusu" dəniz təhlükəsizliyi əməliyyatında iştirak edən Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmilərinə Gürcüstan kontingentinin yerləşdirilməsi üçün əsas rolunu oynayır.
Nazir müavininin sözlərinə görə, Gürcüstan Yunanıstan tərəfi ilə də oxşar bir müqavilə imzalamışdı və bu müqavilə çərçivəsində Gürcüstan kontingenti Yunanıstan gəmilərində dəniz təhlükəsizliyi təlimində iştirak edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi