Gürcüstanın Telavi şəhərində “Həmrəylik 2024-Yay Düşərgəsi” təşkil olunub
Tbilisi, 6 avqust, AZƏRTAC
Gürcüstanın Telavi şəhərində "Həmrəylik 2024 - Yay Düşərgəsi" təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Tbilisidəki “Alyans” Gənclər Mərkəzi"nin təşkilatçılığı ilə keçirilən düşərgədə Marneuli, Dmanisi, Bolnisi, Qardabani, Saqareco və Tbilisidən 70 nəfərdən çox yeniyetmə, gənc və QHT rəhbərləri iştirak edirlər.
Düşərgə iştirakçıları əvvəlcə Tbilisidəki Heydər Əliyev parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət ediblər.
Düşərgə iştirakçıları birinci gün Telavi şəhərinin tarixi yerlərini və "Telavi Tarixi Muzeyi"ni ziyarət ediblər. Sonra kardioloq Linda Mustafayeva gənclərə "Ürək, risk faktorları və xəstəlikləri" mövzusunda, nutrisioloq Şahəndə Süleymanova isə “Düzgün qidalanma və zərərli vərdişlər” mövzusunda təlim keçiblər.
Komitənin məsul əməkdaşı Şəfəq Binnətova bildirib ki, artıq ikinci ildir Gürcüstanda fəaliyyət göstərən icma təşkilatlarının iştirakı ilə yay düşərgəsi keçirilir.
“Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı ilə “Regional Gənclər Şəbəkəsi - Borjomi 2023” adlı layihədən irəli gələrək gənclər üçün yay düşərgəsi təşkil olunub. Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza və gənclərimizə diqqət və qayğısını nəzərə alaraq komitə bu il də yay düşərgəsinin keçirilməsi üçün layihəni dəstəkləmək barədə qərar qəbul edib.
Ümid edirik ki, bu düşərgə gənc soydaşlarımız üçün faydalı olacaq və onlar Gürcüstanda fəaliyyət göstərən mərkəzlər tərəfindən həyata keçirilən layihələrlə tanış olmaq, yeni layihə təklifləri vermək imkanı əldə edəcəklər”, – deyə Ş.Binnətova vurğulayıb.
Eyni zamanda, Heydər Əliyev Fondunun və komitənin birgə təşkilatçılığı ilə Laçında keçirilən Azərbaycan diaspor gənclərinin V yay düşərgəsi barədə də məlumat verilib.
Bildirilib ki, avqustun 1-dən 7-dək davam edəcək düşərgədə Gürcüstandan olan 6 soydaşımız iştirak edir.
“Alyans” GM-nin sədri Leyla Əmrahova və icraçı direktoru Rəna Hüseynova düşərgənin əhəmiyyəti və məqsədi, proqramı barədə ətraflı məlumat veriblər.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi