İDMAN
“Haas” komandası pilotların seçimi məsələsinə yenidən baxa bilər
Bakı, 19 dekabr, AZƏRTAC
Formula 1 çempionatının “Haas” komandasının heyəti 2024-cü ildə dəyişməz qalacaq - Niko Hülkenberq və Kevin Maqnussen Amerika komandası uğrunda çıxışlarını davam etdirəcəklər. Komandanın rəhbəri Günter Ştayner bir vaxtlar bəyan etmişdi ki, “Haas”a yalnız təcrübəli pilotlar lazımdır. Lakin indi Ştayner pilotların seçilməsinə yanaşmanı dəyişməyə və yenidən debütantları dəvət etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, “Racingnews365” nəşri komanda rəhbərinin bu sözlərindən sitat gətirir: “Müəyyən mərhələdə biz hansı pilotları komandaya dəvət etməyə hazır olmağımız barədə çox sərt mövqeyimizə sadiq qaldıq. Lakin 2025-ci ildə bu yanaşmaya yenidən nəzər sala bilərik. Bəzi pilotların karyerası başa çatmaq üzrədir, bu səbəbdən də hansısa məqamda Formula 1 çempionatına debütantlar gələcək. Qərar qəbul etmək hələ tezdir, lakin düşünürəm ki, keçidlər mövsümünə kifayət qədər tez start verilir. Çünki hər kəs 2025-ci ildə özünə yaxşı yer qazanmaq istəyir”.