HACIQABUL GÖLÜNÜN VƏZİYYƏTİNİ YAXŞILAŞDIRMAQ ÜÇÜN TƏDBİRLƏR GÖRÜLÜR.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Hacıqabul rayonunun müharibə və əmək veteranlarından, ağsaqqallardan məktub daxil olmuşdur. Məktub müəllifləri Hacıqabul gölü ətrafında yaranmış ağır vəziyyətə, gölü Kür çayı ilə birləşdirən kanalın bərpa edilməsi, bu su hövzəsinin su rejiminin tənzimlənməsi məsələlərinə toxunurlar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gölün ekoloji vəziyyətinin öyrənilməsi üçün nazirlik əməkdaşlarının hələ 2001-ci ilin sentyabrında apardıqları araşdırma zamanı məlum olmuşdur ki, kanalın işinin pozulması nəticəsində göldə suyun səviyyəsi 2 dəfə aşağı düşmüş, gölün quruması, nadir fauna növlərinin və su quşlarının kökünün kəsilməsi üçün real təhlükə yaranmışdır.
Son vaxtlar burada nasos kompleksi və elektrik xətləri oğurlanmış, balıqyetişdirmə nohurları tam yararsız hala düşmüş, gölü çayla birləşdirən kanalları isə lil basmışdır. Təəssüf ki, nazirliyin əməkdaşları oğurluq faktları ilə əlaqədar rayonun hüquq-mühafizə orqanlarının nə kimi tədbirlər gördüyü barədə heç bir material ala bilməmişlər. Rayon rəhbərliyi isə gölə çirkab suları axıdılması və məişət tullantıları tökülməsi hallarının qarşısını almaq üçün heç bir tədbir görməmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi gölün vəziyyətini köklü surətdə yaxşılaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirmişdir. Gölün sahil zolağında yerləşən fermer təsərrüfatlarında yoxlama aparılmışdır. Belə ki, onların fəaliyyəti nəticəsində ətraf mühitə böyük ziyan vurulurdu. Yoxlamanın yekunlarına əsasən, inzibati məsuliyyət tədbirləri haqqında qərarlar çıxarılmışdır. Bütün bu mənfi halların müəyyən edilmiş müddətdə aradan qaldırılması üçün rayonun icra hakimiyyəti, bələdiyyə şurası və bir sıra müvafiq idarələr qarşısında konkret məsələlər qaldırılmışdır.
Yoxlamalar nəticəsində həmçinin əvvəllər balıqyetişdirmə təsərrüfatı kimi keçmiş “Azərbalıq” Dövlət Konserninin balansında olmuş gölün hazırda bu məqsədlər üçün tamamilə yarasız olduğu müəyyən edilmişdir. İndi göl “Hacıqabulbalıq” Açıq Səhmdar Cəmiyyətinin balansındadır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun müddəalarına uyğun olaraq, ASC-nin rəhbərliyi istehsalat gigiyenası və sanitariyası normalarına əməl etməlidir.