Harlem Dezir: Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini əsirgəməyəcək
Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 26-da Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Harlem Dezir Bakı Fransız Liseyində olub.
AZƏRTAC xəbər verir ki, Harlem Dezir əvvəlcə liseydə yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, liseyin təməli 2011-ci ilin oktyabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya rəsmi səfəri çərçivəsində imzalanan “Azərbaycan və Fransa hökumətləri arasında Bakı Fransız Liseyinin yaradılmasına dair” Sazişə əsasən qoyulub. Yaradılmasına Heydər Əliyev Fondunun da dəstək verdiyi lisey ölkəmizdə müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaradır. Fransız Liseyində tədris uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı əsasında qurulub və tədris olaraq fransız dilində aparılır. Liseylə tanışlıqdan sonra Harlem Dezir ilə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov arasında görüş keçirilib. Görüşdə Fransız-Azərbaycan Universitetinin yaradılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Daha sonra Fransa rəsmisi mətbuat konfransı keçirib. Azərbaycana BMT-nin Sivilizasiyalar Alyansının VII qlobal Forumunda iştirak etmək üçün gəldiyini deyən dövlət katibi tədbirdə bu gün dünyanı narahat edən əhəmiyyətli mövzuların müzakirə edildiyini bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan H.Dezir son günlər cəbhədə baş verən hadisələrin böyük narahatlıq doğurduğunu vurğulayıb. O, tərəfləri gərginliyi azaltmağa, yenidən danışıqlar masası arxasına oturmağa, dialoqu bərpa etməyə çağırıb, problemin hərbi yolla həllinin mümkünsüzlüyünü diqqətə çatdırıb. Fransa rəsmisi ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın bu problemin Madrid prinsipləri əsasında uzunmüddətli həlli istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.
Sonda qonaq liseyin xatirə kitabına ürək sözlərini yazıb.