Hasan Kleyb: Azərbaycandan 862 nəfər əqli mülkiyyətlə bağlı beynəlxalq təlimlərə cəlb edilib
Bakı, 24 iyun, AZƏRTAC
Beş il ərzində Azərbaycandan 862 nəfər əqli mülkiyyətlə bağlı beynəlxalq təlimlərə cəlb edilib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktorunun müavini Hasan Kleyb söyləyib. O, səfər çərçivəsində bir sıra görüşlərin keçiriləcəyini bildirib.
Bu səfərin məqsədi Azərbaycan Respublikası Prezidentinin uğurla həyata keçirdiyi institusional islahatlar çərçivəsində Əqli Mülkiyyət Agentliyinin müasir çağırışlara uyğun yaranması, idarəçilik təcrübəsinə dair məlumatların əldə edilməsi, Əqli mülkiyyət ekosistemi ilə bağlı ölkəmizdə görülən işlərlə, o cümlədən Agentliyin təşəbbüsü və dəstəyi ilə Azərbaycan universitetlərində əqli mülkiyyət ixtisası üzrə kadrların hazırlanması prosesi ilə tanış olmaq, ÜƏMT ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən işğaldan azad edilmiş ərazilərimizə aid olan coğrafi göstəricilərin qeydiyyatı, onların beynəlxalq miqyasda tanınmasına dəstək göstərilməsidir.