Hatayda Azərbaycan-Türkiyə münasibətlərinin perspektivləri müzakirə olunub
Hatay, 4 mart , AZƏRTAC
Türkiyənin Hatay Böyükşəhər Bələdiyyəsi Məclisində “Hataydan Xəzərə qardaşlıq körpüsü” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, Avropa Azərbaycanlıları Konqresinin fəxri sədri Başar Kömürün birgə qatıldıqları tədbirdə Hatayın ətraf rayonlarının bələdiyyə sədrləri də iştirak ediblər.
Əvvəlcə, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Səfir Xəzər İbrahim çıxışında ölkələrimiz arasındakı qarşılıqlı həmrəyliyin əhəmiyyətindən danışaraq vurğulayıb ki, Azərbaycanın Türkiyədəki böyük layihələr həyata keçirməsinin ən başlıca səbəblərindən biri də məhz qardaş ölkəyə dəstək verməkdir.
Komitə sədrinin müavini Valeh Hacıyev Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafında diasporlarımızın birgə fəaliyyətinin əhəmiyyətindən danışıb.
Hatay Böyükşəhər bələdiyyəsinin sədri Lütfü Savaş Azərbaycan nümayəndələrinin Hatayda olmasından məmnunluğunu ifadə edərək deyib: “Azərbaycan nümayəndələrinin bu çətin günlərdə burada olması əsl qardaşlıq nümunəsidir. Hatay Böyükşəhər Bələdiyyə Məclisi bugünkü tədbirlə fəaliyyətində ən önəmli günlərdən birinə şahidlik etdi”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Hatay