HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASININ ZONA SEMİNARI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Sumqayıtın, Abşeron, Xızı, Siyəzən, Dəvəçi rayonlarının və digər rayonların həmkarlar ittifaqları komitələri nümayəndələrinin də dəvət olunduqları seminarda əməyin təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunmuşdur.
Tədbirdə “Sağlam və təhlükəsiz əmək üçün əlverişli şərait yaradılması, bədbəxt hadisələrin qarşısının alınması ümumi vəzifədir”, “Əməyin və sağlamlığın mühafizəsi sahəsində qanunvericilik aktlarına və normativ aktlara riayət olunması bədbəxt hadisələrin qarşısının alınmasının və əlverişli əmək şəraiti yaradılmasının əsasıdır” mövzularında və digər məruzələr dinlənilmişdir. Bildirilmişdir ki, 2005-ci ildə Azərbaycanda istehsalatda 189 bədbəxt hadisə qeydə alınmışdır ki, bunun da nəticəsində 54 nəfər həlak olmuşdur. Ötən il istehsalat zədələrinin sayı azalsa da, bu sahədə vəziyyət hələ də narahatlıq doğurur.
Çıxış edənlər əməyin təşkilinin aktual problemlərini nəzərdən keçirərkən maarifləndirmə işi səviyyəsinin yüksəldilməsinin, fəhlələrin hüquqlarının qorunmasında həmkarlar ittifaqlarının rolunun gücləndirilməsinin, qanunvericiliyə uyğun əmək şəraiti yaradılmasının vacibliyini vurğulamışlar.