Həmrəylik Azərbaycanın uğurlu və sabit inkişafının əsas səbəblərindən biridir - ŞƏRH
Bakı, 28 oktyabr, AZƏRTAC
Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərini əhatə edir. Dövlətimizin başçısının səsləndirdiyi fikirlərdə multikulturalizm ənənələrinin qorunması, müxtəlif dini və etnik qrupların vahid cəmiyyət daxilində birliyi, beynəlxalq münasibətlərdə ədalət prinsipinin təmin olunması və müstəqilliyin qətiyyətlə müdafiəsi bir-birini tamamlayan məsələlər kimi ön plana çıxır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, müasir dünyada mədəniyyətlər və dinlər arasında münasibətlərin mürəkkəbləşdiyi, müxtəlif regionlarda münaqişələrin və qarşıdurmaların davam etdiyi bir şəraitdə dialoqun təşviqi xüsusi əhəmiyyət daşıyır: “Belə bir dövrdə Azərbaycanın bu istiqamətdə ardıcıl siyasət yürütməsi, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və fərqli mədəniyyətlərin nümayəndələrini bir araya gətirməsi ölkəmizin qlobal əməkdaşlığa verdiyi töhfənin ifadəsidir. Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın bu sahədəki mövqeyinin yalnız tarixi ənənələrə deyil, həm də müasir dövlətçilik prinsiplərinə əsaslandığını bir daha nümayiş etdirir. Azərbaycan tarixən Avropa ilə Asiyanın qovşağında yerləşərək müxtəlif sivilizasiyalar arasında əlaqələrin inkişafında mühüm rol oynayıb. Lakin ölkəmizin mədəniyyətlərarası dialoq sahəsindəki mövqeyini müəyyən edən əsas amil təkcə coğrafi mövqeyi deyil. Xalqımızın əsrlər boyu yaşatdığı tolerantlıq ənənələri, dini və etnik müxtəlifliyə hörmət, qarşılıqlı anlaşma və birgəyaşayış mədəniyyəti bu dəyərlərin milli həyat tərzimizin ayrılmaz hissəsinə çevrilməsini təmin edib.

“Azərbaycanın uğurlu və sabit inkişafının əsas səbəblərindən biri də cəmiyyətdə mövcud olan həmrəylikdir. Müxtəlif etnik qrupların və dini konfessiyaların nümayəndələrinin ölkəmizin Konstitusiyasına uyğun olaraq bərabər hüquqlardan istifadə etməsi, cəmiyyətin həyatında iştirakı və vahid ailə kimi yaşaması ölkəmizdə formalaşmış ictimai münasibətlərin mahiyyətini ifadə edir. Bu, eyni zamanda, dövlətin bütün vətəndaşların hüquq və azadlıqlarının qorunmasına əsaslanan siyasətinin nəticəsidir”, - deyə deputat əlavə edib.
Azərbaycanın multikulturalizm modeli ilə milli həmrəyliyi arasında bağlılıq
S.Salmanova qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında milli birlik məsələsinə xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. Dövlətimizin başçısı Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı dövründə, eləcə də İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanda yaşayan bütün etnik qrupların və dinlərin nümayəndələrinin vahid amal ətrafında birləşərək milli kimliyimizin qorunması, ədalətin bərpası və ərazi bütövlüyümüzün təmin olunması uğrunda mübarizə apardıqlarını vurğulayıb. Bu birlik Azərbaycan xalqının tarixində mühüm yer tutan mənəvi və siyasi hadisədir. Uzun illər davam edən işğal, münaqişənin yaratdığı ağır nəticələr və tarixi ədalətin bərpası zərurəti xalqımızı ümumi məqsəd ətrafında birləşdirən əsas amillərdən olub. Müxtəlif etnik mənsubiyyətə və dini etiqada malik vətəndaşlarımızın Vətənin müdafiəsində eyni mövqedən çıxış etməsi Azərbaycanın dövlətçilik təməllərinin möhkəmliyini nümayiş etdirib.
“Cəmiyyətin vahid dövlətçilik dəyərləri ətrafında birləşməsi, vətəndaşların ölkənin gələcəyi üçün ortaq məsuliyyət daşıması müstəqilliyin qorunmasının əsas şərtlərindəndir. Azərbaycanın multikulturalizm modeli ilə milli həmrəyliyi arasında mövcud olan bağlılıq da burada özünü aydın göstərir. Müxtəliflik ölkəmizin ictimai həyatının təbii xüsusiyyətidir, milli birlik isə həmin müxtəlifliyi ümumi məqsəd ətrafında birləşdirən mənəvi-siyasi qüvvədir. Bu iki amilin uzlaşması Azərbaycan dövlətinin gücünü artırır, cəmiyyətin daxili sabitliyini möhkəmləndirir və xarici təhdidlər qarşısında milli iradənin vahid şəkildə ifadəsinə imkan yaradır”, - deyə o qeyd edib.
Milli Məclisin deputatı vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışında beynəlxalq münasibətlərdə ikili standartlara qarşı mübarizənin davam etdiriləcəyinə diqqəti çəkib: Dövlətimizin başçısı bu cür yanaşmaların beynəlxalq münasibətlər sistemindən tamamilə çıxarılmalı olduğunu qeyd edib. Çünki beynəlxalq hüququn prinsipləri ayrı-ayrı dövlətlərin siyasi maraqlarından asılı olaraq fərqli şəkildə tətbiq edildikdə ədalət anlayışı zərər görür, beynəlxalq institutlara etimad zəifləyir və münaqişələrin həlli daha da çətinləşir. Azərbaycanın müasir tarixində yaşanan hadisələr bu məsələnin nə qədər əhəmiyyətli olduğunu göstərir”.