Həmrəylik Günü və Yeni il münasibətilə MDU-da bayram tədbiri keçirilib
Bakı, 23 dekabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. MDU-nun Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə şəhid ailələrinin üzvləri, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə bayram təbriklərini çatdıran universitetin əməkdaşları ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edildiyini, belə şəraitdə bayram günlərinin qeyd edilməsinin olduqca qürurverici olduğunu bildirib, xalqımıza sonsuz sevinc və fəxarət hislərini yaşadan qəhrəman şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyiblər. Əlamətdar günlərlə bağlı keçirilən bütün tədbirlərdə olduğu kimi, hazırda da şəhid ailəsi üzvlərinin universitetin kollektiv üzvləri ilə bir arada olduğu diqqətə çatdırılaraq, onlara dərin minnətdarlıq və ehtiram bildirilib. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin liderliyində qalib xalqımızın möhtəşəm uğurlarının davamlı olacağına əminlik ifadə edilib.
Sonra bədii hissə ilə davam edən tədbirdə MDU-nun tələbə, magistrant, doktorant və əməkdaşlarının təqdimatında müxtəlif şeir və mahnılar səsləndirilib, rəqslər ifa olunub.
Yeni il şənliyinin əsas personajları Şaxta baba və Qar qız şəhid övladlarını təbrik edib, onlara hədiyyələr təqdim ediblər.