İDMAN
Həndbol üzrə Azərbaycan çempionatının ilk günündə üç oyun keçirilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Həndbol üzrə Azərbaycan çempionatının ilk günündə üç oyun keçirilib.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, oktyabrın 6-da “ABU Arena”da həndbol üzrə 26-cı respublika çempionatının rəsmi açılışı olub.
Mərasimdə çıxış edən Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov AHF-nin prezidenti Saleh Məmmədovun salamlarını yarış iştirakçılarına çatdırıb. Ölkədə idmana göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən O.Abbasov əldə olunan uğurları bu qayğının məntiqi nəticəsi kimi qiymətləndirib.
Vitse-prezident qadınlardan ibarət milli komandamızın gələn il Çempionlar liqasında yarışacağını, kişilərdən ibarət "Bakı" klubunun isə oktyabrın 13-də Bosniyada keçiriləcək Çağırış kubokuna qatılacağını diqqətə çatdırıb. Bunu son vaxtlar həndbolun inkişafı istiqamətində aparılan səmərəli fəaliyyətin təzahürü kimi dəyərləndirən federasiya rəsmisi yaxın gələcəkdə daha yüksək nailiyyətlərə imza atılacağına ümid bəslədiyini deyib.
O.Abbasov yeni mövsümün gərgin və maraqlı mübarizə şəraitində keçəcəyinə inandığını vurğulayaraq, Gürcüstanın "Olimpiya" komandasının çempionata xüsusi rəng qatacağını bildirib.
Həndbol üzrə 26-cı ölkə çempionatına qadınların yarışı ilə start verilib. Çempionatın açılış matçında "Gənclər Birliyi" və "Azəryol" komandaları qarşılaşıblar. "Azəryol"un üstünlüyü ilə keçən oyun 18:44 hesab ilə nəticələnib.
Sonra meydançaya çıxan "İdman Akademiyası" və "Qarabağ" kollektivlərinin görüşündə də nominal qonaqlar qələbə qazanıblar. Daha inamlı oyun göstərən "Qarabağ" qarşılaşmanı öz xeyrinə başa vurub - 33:26.
Günün son qarşılaşmasında isə Azərbaycan çempionu "Azərsu" Gürcüstanın "Olimpiya" komandasına 46:17 hesabı ilə qalib gəlib.