Hər beş gənc Saami qadından biri intihara cəhd edib

Stokholm, 8 mart, Nərgiz Cəfərli, AZƏRTAC
Umeo Universitetinin yeni hesabatı həyəcanlı tendensiyanı aşkar edib: gənc saami qadınları (İsveç milli azlığı) İsveçdəki digər gənc qadınlara nisbətən daha aşağı sağlamlıq səviyyəsinə malikdirlər və daha çox intihara meyillidirlər.
AZƏRTAC xəbər verir ki, “Sáminuorra” gənclər təşkilatının nümayəndəsi Aana Edmondsonun sözlərinə görə, bu məlumatlar Saami cəmiyyətində psixi pozuntuların geniş yayıldığını göstərir.
Gənc saamilərin əksəriyyətinin özlərini sağlam hiss etməsinə baxmayaraq, hesabat ayrı-seçkiliyin və irqçiliyin onların psixi sağlamlığına mənfi təsir etdiyini təsdiqləyir.
Tədqiqatın əsas müəllifi Yon-Petter Stor qeyd edir ki, hər beş gənc Saami qadından biri intihara cəhd edib, bu rəqəm İsveç qadınları ilə müqayisədə xeyli yüksəkdir, onlar arasında hər on qadından biri bu cəhdi edib.
Tədqiqatda bu statistikanın səbəbləri araşdırılmayıb, lakin mümkün amillər arasında ayrı-seçkilik, iqtisadi təhlükəsizliyin olmaması və zorakılıq təhlükəsi sadalanır. A.Edmondson onu da vurğulayır ki, gənc saamilər öz hüquqları və mədəni irsləri uğrunda daim mübarizə aparmağa məcbur olduqları üçün onlara təzyiqlər yüksəkdir.
Hesabatda saami ictimai məkanlarının yaradılması, irqçiliklə mübarizə, saami mədəniyyətinin təbliği və saami dilini öyrənmək imkanlarının genişləndirilməsi daxil olmaqla, vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər təklif edilir. Lakin onların həyata keçirilməsi üçün daha çox maliyyə tələb olunur.
“Biz başqalarından daha çox hüquq tələb etmirik. Biz sadəcə olaraq möhkəm sağlamlıq üçün bərabər şərait istəyirik”, - deyə A. Edmondson bildirib.