HƏR İL DÜNYADA SAHƏSİ YUNANISTANIN ƏRAZİSİNƏ BƏRABƏR OLAN MEŞƏLƏR MƏHV OLUR
Bakı, 16 sentyabr (AZƏRTAC). AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Ümumdünya Yabanı Təbiət Fondunun ekspertləri planetdə meşə massivlərinin vəziyyəti ilə əlaqədar tədqiqatın nəticələrini açıqlamışlar. Ekspertlərin hesablamalarına görə, hər il 13 milyon hektar sahədə meşələr məhv olur. Bu isə Yunanıstanın ərazisinə bərabərdir.
Məhv olmuş meşələrin 90 faizi tropik meşələrdir. Tropik meşələrin qırılmasının başlıca səbəbi kənd təsərrüfatının inkişafı və əkin sahələrinin yaradılmasıdır.
Məsələn, Braziliyada tropik meşələrdən təmizlənmiş ərazilərdən örüş kimi, habelə şəkər çuğunduru, yaxud soya əkmək üçün istifadə olunur. Cənub-Şərqi Asiyada tropik meşələrin yerində zeytun ağacları və ya kağız, yaxud sellüloz istehsalı üçün istifadə olunan akasiya əkilir. Bundan əlavə, meşələr yanğınlar nəticəsində də məhv olurlar.
Mütəxəssislər bildirmişlər ki, əgər meşələri qırmaq asandırsa, onları bərpa etmək çox çətindir. Süni meşə massivləri təbii meşələri əvəz edə bilməz. Belə ki, süni meşələrdə bioloji növlərin 99 faizi itir. Süni meşələr torpağı erroziyadan qoruya bilmirlər.
Ekspertlər diqqəti buna cəlb edirlər ki, planetimizdə hər ağac iqlim müdafiəçisidir. Ağaclar karbon qazını oksigenə çevirir. Alimlər hesablamışlar ki, iri ağac bir avtomobilin 50 min kilometr məsafəni qət edərkən havaya buraxdığı qədər karbon qazı udur.