HƏRƏKƏTSİZ HƏYAT TƏRZİ KEÇİRƏNLƏR SİQARETÇƏKƏNLƏRDƏN DAHA TEZ ÖLÜRLƏR
AZƏRTAC-ın xarici informasiya agentliklərinə istinadla verdiyi xəbərə görə, alimlərin apardıqları araşdırmalar nəticəsində aydın olmuşdur ki, 1998-ci ildən bəri hərəkətsiz həyat tərzindən ölənlərin sayı siqaret çəkməyin fəsadlarından ölənlərdən xeyli çoxdur. 1998-ci ildə vəfat etmiş 35 yaşından yuxarı 24 min honkonqludan 6400 nəfəri məhz belə yaşamışdır. Həmin il siqaret çəkməkdən ölənlərin sayı isə 5700 nəfərdir.
Səhiyyə Nazirliyinin nümayəndələri və alimlər bu insanların yaxın qohumları arasında onların son 10 ildəki yaşayış tərzləri, hansı fiziki fəaliyyət növləri ilə məşğul olduqları barədə sorğu aparmışlar. Məlum olmuşdur ki, bu insanların yalnız üçdə biri ayda, heç olmazsa, bir dəfə fiziki fəaliyyət növləri ilə məşğul olmuşdur.
Honkonq Universiteti ictimai sağlamlıq departamentinin nümayəndəsi demişdir:”Biz hesablamışıq ki, Honkonqun 35 yaşından yuxarı sakinlərinin 20 faizinin ölümünə məhz fiziki fəallığın yoxluğu səbəb olmuşdur. Bu isə ildə təxminən 6450 ölüm halıdır”.
Beləliklə, Honkonq alimləri siqaret çəkməyən insanların siqaretçəkənlərdən daha sağlam qaldıqları barədə fərziyyəni təkzib etmişlər. Yəni siqaret çəkməmək çox yaxşıdır, lakin sağlamlıq üçün kifayət deyildir.