İQTİSADİYYAT
Hesablama Palatasının əməkdaşları Ali Audit Qurumları Asiya Təşkilatının toplantısına qatılıblar
Bakı, 1 iyun, AZƏRTAC
Hesablama Palatasının əməkdaşları Pakistan Baş Auditor Ofisinin təşkilatçılığı ilə ASOSAI-nin (Ali Audit Qurumlarının Asiya Təşkilatı) İdarə Heyətinin 58-ci onlayn toplantısında iştirak ediblər.
Palatadan AZƏRTAC-a bildirilib ki, toplantıda gündəlikdə yer alan məsələlər iştirakçıların diqqətinə çatdırılıb. Sonra ASOSAI-nin 56 və 57-ci İdarə Heyətinin toplantılarının protokolları təsdiqlənib, ASOSAI-nin İdarə Heyətinin sədri və baş katibinin fəaliyyət hesabatları dinlənilib. Daha sonra ASOSAI-nin 2023-2025-ci illər üzrə büdcə layihəsi müzakirə olunaraq təsdiqlənib, təşkilatın 2022-2027-ci illər üzrə Strateji Planı barədə hesabat qəbul edilib.
Toplantıda ASOSAI-ın ətraf mühitin auditi, Dayanıqlı İnkişaf Məqsədləri, böhranların idarə edilməsinin auditi üzrə İşçi qrupların fəaliyyət hesabatları və ASOSAI-yə üzv olan bəzi ali audit qurumlarının rəhbərlik etdiyi INTOSAI (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) İşçi Qrup və komitələrinin çıxışları dinlənilib.
Sonda ASOSAI-nin İdarə Heyətinin 59-cu toplantısına ev sahibliyi, Özbəkistan ali audit qurumlarının üzv qəbul edilməsi, IT auditi üzrə İşçi Qrupunun yaradılması məsələləri müzakirə olunub.