SİYASƏT
“Heydər Əliyev - Gürcüstan” kitabı Tbilisidə Azərbaycan və gürcü dillərində nəşr olunub
Tbilisi, 3 may, AZƏRTAC
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Gürcüstan üzrə nümayəndəliyinin rəhbəri, Əməkdar jurnalist, Azərbaycan-Gürcüstan Yazıçılar İttifaqının üzvü Şahismayıl Şəmmədoğlunun (Məmmədov) “Heydər Əliyev - Gürcüstan” kitabı Tbilisidə Azərbaycan və gürcü dillərində nəşr olunub.
AZƏRTAC xəbər verir ki, kitab Ulu Öndərin 100 illik yubiley tədbirləri çərçivəsində çap edilib.
Kitabda Azərbaycan Respublikasının xarici siyasətinin tərkib hissəsi kimi onun qonşu dövlətlərə, bu sırada Gürcüstan ilə münasibətləri diqqəti xüsusilə cəlb edir. Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycan-Gürcüstan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu qeyd olunub.
Elmi əsərdə, həmçinin Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin Gürcüstanın da daxil olduğu Qafqaz regionunu sülhün, sabitliyin hökm sürdüyü, təhlükədən uzaq bir məkan kimi görmək istədiyi qeyd edilir.
Ulu Öndərimizin Gürcüstana xüsusi diqqət və qayğısını bu ölkənin sabiq prezidenti Eduard Şevardnadzenin də yüksək qiymətləndirdiyi vurğulanır.
Əsərdə Gürcüstanda müxtəlif rəhbər vəzifələrdə çalışan hərbçilər, hüquq-mühafizə orqanları əməkdaşları, alimlər, maarif və mədəniyyət işçilərinin də Ulu Öndər haqqında fikirləri əksini tapıb.
Kitabda Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar, Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də qeyd olunub. Eyni zamanda, 44 günlük Vətən müharibəsinin əhəmiyyəti, ermənilərin azərbaycanlılara qarşı törətdiyi terror və digər cinayətlər barədə oxuculara ətraflı məlumat verilir.
Qeyd edək ki, bu, müəllifin ulu öndər Heydər Əliyevlə bağlı üçüncü kitabıdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi