“Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi 20 Yanvar faciəsinin ildönümünə həsr olunub
İsmayıllı, 19 yanvar, AZƏRTAC
İsmayıllıdakı Heydər Əliyev Mərkəzində “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, məşğələni rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb. M.Sadıqov bildirib ki, Azərbaycan xalqı 26 ildir 20 Yanvar faciəsi şəhidlərinin xatirəsini dərin hüznlə anır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya hücum edən sovet ordusu ağlagəlməz qırğın törətdi, əliyalın insanları güllə-boran etdi. Ulu öndər Heydər Əliyevin Azərbaycanda olmaması, SSRİ rəhbərliyindən istefa verməsi tarixi düşmənlərimiz olan ermənilərə Azərbaycana qarşı işğalçılıq, separatçılıq və soyqırımı siyasətini yeritməyə imkan verdi. Qanlı Yanvarda 147 nəfər öldürüldü, 744-ü yaralandı, 841 nəfər isə qanunsuz həbs olundu. Yaralananlar arasında 25 qadın və 20 uşaq vardı.
Bu faciə ilə əlaqədar SSRİ rəhbərliyinə ilk kəskin etirazını bildirən, onu lənətləyən ulu öndər Heydər Əliyev oldu. Xalqın təkidi ilə Azərbaycanda yenidən hakimiyyətə gəldikdən sonra 20 Yanvar hadisələrinə ilk siyasi qiyməti də Ümummilli Liderimiz verdi.
Sonra İsmayıllı Dövlət Humanitar və Texnologiyalar Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımova mövzu ilə əlaqədar məruzə etdi.
Sonda 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan inşa yazı və rəsm müsabiqəsinin qaliblərinə diplomlar, hədiyyələr təqdim edildi.
Məşğələdə 20 Yanvar hadisələrindən bəhs edən film də nümayiş olunub.