“HEYDƏR ƏLİYEV. MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR” ÇOXCİLDLİYİNİN ON YEDDİNCİ KİTABI ÇAPDAN ÇIXMIŞDIR
O dövr gənc müstəqil respublikamızın həyatında inkişafın, tərəqqi və yüksəlişin təməlinin qoyulduğu dövr idi. 1998-ci ilin yay və payızı ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda sosial-iqtisadi sahədə müsbət dəyişikliklərin əsasının qoyulması ilə, idarəçiliyi təkmilləşdirməyin mühüm parametrlərinin müəyyən edilməsi, dövlətçiliyin təşəkkülü, cəmiyyətin demokratikləşdirilməsi, xalqın mənəvi-tarixi dəyərlərinin qorunub saxlanması işində mühüm addımlarla əlamətdar olmuşdur. Azərbaycan dünya birliyinə daha inamla inteqrasiya edir, məqsədyönlü xarici siyasət sayəsində beynəlxalq aləmdə daha yüksək nüfuz qazanırdı.
Bütün bu quruculuq proqramı Heydər Əliyevin fenomenal şəxsiyyətinin dühası ilə, xalqı sıx birləşdirərək, öz ardınca böyük işlərə doğru aparmağa müvəffəq olmuş ümummilli liderin müdrik uzaqgörənliyi, heyrətamiz istedadı ilə ərsəyə gəlmişdi. O dövrdə bir çox əzəmətli proqramların memarı və təşəbbüsçüsü məhz Heydər Əliyev olmuşdur. İndi bu proqramlar böyük bəhrəsini verir, Azərbaycana tərəqqiyə doğru irəliləyişi sürətləndirməyə imkan yaradır.
Kitabda əvəzsiz, fenomen şəxsiyyət və rəhbər olan Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilmiş tarixi Böyük İpək Yolunun bərpasına dair beynəlxalq konfransda, Azərbaycan qadınlarının, müəllimlərinin, Qafqaz müsəlmanlarının qurultaylarında etdiyi dərin məzmunlu çıxış və nitqləri, bir sıra dövlətlərlə iqtisadi, siyasi, mədəni əlaqələrin möhkəmləndirilməsindən bəhs edən məruzələr, müraciətlər, müsahibələr təqdim olunmuşdur.
AZƏRTAC-ın materialları əsasında hazırlanmış çoxcildliyin 17-ci kitabında Heydər Əliyevin Azərbaycanın ədəbiyyat, mədəniyyət, incəsənət, elm, din və idman xadimlərinə verdiyi yüksək qiymət və etdiyi tövsiyələr də əksini tapmışdır.