“HEYDƏR ƏLİYEV SEYRƏNGAHI” TOVUZA XÜSUSİ YARAŞIQ VERİR
Prezident İlham Əliyev mayın 30-da, Tovuz Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi başa çatdıqdan sonra şəhərin girəcəyində yerləşən “Heydər Əliyev seyrəngahı”na gəldi. Dövlətimizin başçısını və xanımını burada musiqi və mahnılarla qarşıladılar.
Prezidentə bu mədəniyyət və istirahət guşəsində yaradılmış şərait və aparılacaq yenidənqurma işləri barədə məlumat verildi. Bildirildi ki, şəhərin giriş hissəsində, o cümlədən seyrəngahda aparılacaq kompleks abadlıq işləri Tovuza xüsusi yaraşıq verməklə yanaşı, insanların da ürəyincə olacaq və xarici qonaqlarda xoş təəssürat yaradacaqdır.
Prezident İlham Əliyev və xanımı yerli özfəaliyyət kollektivlərinin, mahnı və rəqs qruplarının, aşıqlar dəstəsinin ifalarını böyük maraqla dinlədilər, onlarla xatirə şəkilləri çəkdirdilər. Ulu öndər haqqında şeir hərarətli alqışlarla qarşılandı.
Dövlətimizin başçısı ifaçılara təşəkkür edərək onlara uğurlar arzuladı, gənclərə, istedadlı uşaqlara xüsusi diqqət və qayğı göstərilməsinin zəruriliyini vurğuladı və “Heydər Əliyev seyrəngahı”nın müasirləşdirilməsi ilə bağlı tövsiyələrini verdi.