REGİONLAR
Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi müstəqilliyimizi möhkəmləndirir
Zərdab, 12 iyun, AZƏRTAC
Zərdab rayon Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Konfrans Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə qəlblərdə daimi sevgi, xatirələrdə əbədiyaşarlıq qazanıb. Ümummilli Lider qısa zaman kəsiyində ölkədə sabitliyi təmin edib, Azərbaycanı inkişaf yoluna çıxarıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirir. Ulu Öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu artırır.
Deputat Elman Nəsirov çıxışında qeyd edib ki, böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazdırırlar. Azərbaycan xalqı hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır.
Çıxış edən digər qonaqlar Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən söz açıblar.
Sonra Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın dövlətçilik tarixində Qurtuluş Günü” adlı videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda YAP-ın sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.