“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
Bakı, 9 aprel, AZƏRTAC
Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına start verir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır.
Bu proqramda iştirak etmək istəyən gənclər müvafiq ərizə formasını doldurub aprelin 30-dək [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməlidirlər.
Ərizə tam şəkildə doldurulduqda baxılması üçün namizədlər siyahısına daxil edilir.
İddiaçılar ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumatlı olmalıdırlar. Proqramda 18-25 yaşlı Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Təşkilatçılıq bacarığına, geniş dünyagörüşünə, ünsiyyət və əlaqə qurmaq bacarığına, komanda ilə iş bacarığına malik namizədlər iddiaçılar arasında seçiləcəklər. Bundan başqa, iddiaçılar ictimai fəal gənclər meyarı üzrə də müəyyənləşdiriləcək.
Namizədlər siyahısına daxil edilmiş hər bir gənclə onlayn formada müsahibə aparılacaq. Müsahibənin nəticəsi olaraq iştirakçıların siyahısı müəyyənləşdiriləcək və bu barədə hər bir iştirakçının elektron poçtuna və mobil telefon nömrəsinə SMS göndəriləcək.
Proqram Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.1.1-ci yarımbəndinin (ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması) icrasının təmin edilməsi məqsədilə həyata keçirilir.
Qeydiyyat üçün aşağıdakı linkə daxil olmaq lazımdır:
https://docs.google.com/forms/d/1x8Z4nkfGKxx9Eul4XDzRu5_88QSltZ8RUuzzwOHbYXE/edit.
Proqramda iştirakla bağlı ətraflı məlumat almaq üçün Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun məsləhətçisi Rəşad Musayev (telefon: 055 661-01-96) ilə əlaqə saxlamaq lazımdır.