“HEYDƏR ƏLİYEV VƏ ATATÜRK TÜRK DÜNYASININ ƏBƏDİ LİDERLƏRİDİR” MÖVZUSUNDA KONFRANS ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Konfransa dəvət olunmuş Türkiyə Böyük Millət Məclisinin üzvləri əvvəlcə Fəxri xiyabana gəldilər, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarını ziyarət edib əklil qoydular. Onlar akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edərək, məzarı üstünə gül düzdülər.
Sonra qonaqlar Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş övladlarımızın xatirəsini andılar, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular. Türkiyəli qonaqlar türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət etdilər, gül qoydular.
Konfransı giriş sözü ilə açan Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərov tədbirdə çağdaş dövrümüzün bir sıra problemlərinin, həmçinin Türkiyə və Azərbaycan, ümumən türk dünyasının qadınlarını düşündürən problemlərinin müzakirə olunacağını bildirdi.
Azərbaycan Milli Məclisinin və Türkiyə Böyük Millət Məclisinin deputatları ölkələrimiz arasında genişlənən hərtərəfli əlaqələr kontekstində siyasətçi qadınların əməkdaşlığının böyük səmərə verəcəyinə ümidvar olduqlarını vurğuladılar.
Konfrans iyulun 21-dək davam edəcəkdir.